"Sülhməramlılar Qarabağda minanın birini təmizləyəcək, üçünü də basdıracaq" - Polkovnikdən AÇIQLAMA

 15:16 15.04.2024     1032

Bir müddət öncə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanlığının ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar apardığı bildirilib.

Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov da bir neçə gün öncə mətbuat konfransında deyib ki, Rusiya sülhməramlılarının Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb olunması ilə bağlı layihə var.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının prosesdə istirakı planlaşdırılır:

"Hazırda həmin minatəmizləyənlərin texniki avadanlıqları, alətləri və itləri akkreditasiya prosesindədir. Aprelin 6-da akkreditasiya yekunlaşacaq. Onlar Xocalıda minatəmizləmə əməliyyatına başlayacaqlar".

Qeyd edək ki, Rusiyanın Qarabağda minatəmizləmə əməliyyatlarında iştirak istəyi Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Çoxları hesab edir ki, Rusiya bununla bölgədə daha çox qalmaq üçün bəhanə axtarır.  

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov dedi ki, Rusiya orada qaş düzəltmək əvəzinə, vurub gözü də çıxaracaq.

"Yəni orada bir mina təmizləyəcək, üçünü də basdıracaq. Biz müxtəlif zamanlarda ayrı-ayrı nöqtələrdə vətəndaşlarımızın, hərbçilərimizin partladılmasının şahidi olacağıq. Ruslar bunun da adını qoyacaqlar ki, bu müharibə nəticəsidir, yəni ermənilərin basdırdığı minadır. Belə minvanla özləri üçün uzun illər bundan sonra da orada qalmaq üçün bir fəaliyyət zonası saxlayacaqlar. Nə qədər ki, rus əsgəri Azərbaycan ərazisində var, Azərbaycan üçün heç vaxt rahatlıq olmayacaq. Dünya dəyişib, bir sıra məsələlər dəyişib, amma Rusiya dəyişmək istəmir. Çox təəssüflər olsun ki, biz bu gün Rusiyanın bu cür qaba yanaşmasının və hərəkətinin şahidi oluruq", - deyə polkovnik bildirdi.

Humay İSGƏNDƏRLİ