Polkovnik Rusiyanın atdığı ballistik raketdən danışdı: "Azərbaycanı Allah saxladı"

 17:46 15.04.2024     940

"Rusiyanın məqsədi "iki vur iki" qədər sadədir və asandır. Rusiya istəyir ki, Azərbaycanla Ermənistan arasında növbəti toqquşma baş versin və onun bölgədə olan sülhməramlı kontingent adı altında olan qoşunları yenə də tərəflər arasında guya hansısa bir barışdırıcı belə hərəkətə keçsinlər və bununla da Rusiya bölgədə uzunmüddətli iştirak etsin. Bu, çox bəsit və sadədir".

Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov son günlər Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan ordusunun mövqelərini tez-tez atəşə tutmasının arxasında Rusiyanın durması iddiaları barədə fikirlərə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, Rusiya həm də istəmir ki, onun istəyindən kənar tərəflər arasında sülh müqaviləsi imzalansın:

"Rusiyanın sərhəddə baş verənlərdə rolu və iştirakı ondan ibarətdir. 2023-cü ilin bir neçə hadisəsində, o cümlədən bu ilin fevralın 7-də də Nerkin Hand kəndi istiqamətində bizim Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusuna açılan atəşdə "Yerkrapa Könüllülər Dəstəsinin" üzvlərinin hərəkəti göstərilsə də, bilirik ki, sərhədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dövlət Sərhəd Xidməti nəzarət edir. Rusiya hələ də ermənilərin Qarabağa qaytarılması ilə bağlı başından yekə hərəkətlər səsləndirir. Azərbaycan bu məsələnin bitməsi ilə bağlı fikir bildirsə də, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyir ki, Qarabağ məsələsi hələ yekunlaşmayıb. Bizim də burada bir az günahımız var. Yəni gəlin onu da açıq etiraf edək ki, biz bəzi hallarda rusların "ağzından vurmuruq", yəni o mənada vurmuruq ki, onları susdurmuruq, onları yerində otuzdurmuruq və Rusiya bundan da sui-istifadə edir. Ötən həftə Azərbaycan ərazisində bir həyəcanlı anlar yaşandı, Bakı səmasında parıldayan işıqlar göründü. Sonra cavabı nə oldu? Rusiya Müdafiə Nazirliyi bir açıqlama verd. Başa düşmədim, Azərbaycan hava məkanı ilə bağlı Rusiya Müdafiə Nazirliyi niyə açıqlama verməlidir? Rusiya Azərbaycanı xəbərdar etmədən qitələrarası ballistik raket sınaqdan keçirdi və sadəcə Azərbaycanı Allah saxladı ki, həmin dönəmdə Azərbaycan hava məkanında olan sərnişin və yaxud hərbi təyyarə, helikopterlər həmin raketlə toqquşmadı. Budur Rusiyanın davranışı. Rusiya xəbərdar etməlidir. Təlim keçirirlər, xəbərdar etməlidirirlər ki, A nöqtəsində təlim olacaq, sizdən xahiş olunur ki, hava məkanında təyyarələr, helikopterlər o məsafədən kənar uçsun. Eyni məsələ Qarabağda da var. Yəni Rusiyanın marağı nədir? Rusiyanın marağı odur ki, 2025-ci il yaxınlaşdıqca çıxmaq lazım olacaq, amma onlar çıxmaq istəmirlər, var güclərilə burada qalmaq istəyirlər".

Humay İSGƏNDƏRLİ