"Paşinyan Azərbaycanın tələbi üzrə hazırlıqlar görür" - AÇIQLAMA

 12:47 27.03.2024     521

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda deyib ki, qısa müddət ərzində dörd anklav kənd Azərbaycana qaytarılmalıdır.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a bildirdi ki, Azərbaycanın 4 kəndinin geri qaytarılması ilə bağlı səsləndirdiyi fikirlər Paşinyanın xoş niyyəti deyil, mövcud reallığı obyektiv qiymətləndirməsidir.

"Paşinyan başa düşür ki, kapitulyasiya aktına imza atmış bir ölkə, qalib bir ölkənin torpaqlarını işğal altında saxlaya bilməz. Ona görə də, səsləndirdiyi bu fikri nə qədər tez realizə etsə, bir o qədər yaxşıdır. Çünki əks təqdirdə Azərbaycan bu kəndləri qaytaracaqdır, Paşinyanın qaytarılmasını gözləmədən Azərbaycan özü ona aid olan kəndləri qaytaracaqdır. Ona görə də mən düşünürəm ki, əslində regionda bundan sonrakı mərhələdə sülh prosesinin irəliləməsi üçün də bu kəndlərin dərhal Azərbaycana qaytarılması vacibdir. Azərbaycan, rəsmi Bakı belə bir tələb qoyub və Paşinyan da bu istiqamətdə addımlar atmaq üçün hazırlıqlar görür və bu, ən doğru qərardır", - deyə deputat qeyd etdi.

Həmidə İBRAHİMLİ