"Parlament seçkiləri COP29-a görə önə çəkilə bilər" - Fəzail Ağamalı

 17:56 02.05.2024     319

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib ki, qanunvericiliyə görə, bu il noyabrında parlament seçkiləri olmalıdır.

"Seçkilərin müddəti önə də çəkilə bilər. Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”, - deyə sədr bildirib.

Bəs Azərbaycanda parlament seçkiləri vaxtından əvvəl keçirilə bilərmi?

Milli Məclisin deputatı Fəzail Ağamalı Redaktor.az-a dedi ki, Məzahir Pənahovun bu fikrinə ciddi yanaşmaq lazımdır:

"Çünki o Mərkəzi Seçki Komissiyasının sədri kimi kifayət qədər məlumatlıdır və seçki prosesinin aparıcı şəxsi kimi hər birimizin hörmətinə layiqdir. Məncə, Məzahir Pənahovun bu açıqlamasını ciddi qəbul etmək lazımdır. Əslində Azərbaycanın qüvvədə olan Konstitusiyasına görə seçkilər noyabrda keçirilməlidir. Noyabrda da bildiyiniz kimi, ölkəmizdə COP29 keçiriləcək. Azərbaycan çox ciddi bir beynəlxalq tədbirlə bağlı yüksək səviyyəli hazırlıq işlərini aparır. Bu bizim üçün son dərəcə önəmli və əhəmiyyətlidir. Bu tədbir ola bilsin ki, seçkilərin noyabrda deyil, bir az önə çəkilməsinə gətirib çıxara bilər".

Humay İSGƏNDƏRLİ